Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnamə tərəflər arasında münasibətlərin yenidən müzakirə mövzusuna çevrilməsinə səbəb olub. Siyasi xarakter daşıyan bu sənəd hüquqi baxımdan məcburi olmasa da, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın gələcəyi ilə bağlı suallar doğurur. Mövcud vəziyyətdə əsas məsələ tərəflərin dialoq kanallarını qoruyub-qoruyamayacağı və strateji sahələrdə əməkdaşlığın hansı istiqamətdə davam etdirəcəyidir.
Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Elman Nəsirovdur.
- Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamədə Ermənistan və ermənilərlə bağlı müddəalar hansı faktlara, hansı məqsədlərə söykənir və bu Azərbaycan-Aİ münasibətlərinə necə təsir göstərə bilər?
- Aprel ayının 30-da Avropa Parlamentinin 2021-ci ildən üzü bəri Azərbaycana qarşı sayca 14-cü qətnaməsi qəbul edildi. Bu qətnamənin siyasi sifariş əsasında qəbul edildiyi heç kəsə sirr deyil. Həm də Azərbaycan məsələsi ümumiyyətlə müzakirə olunmurdu, Ermənistanla bağlı məsələ müzakirə olunarkən Azərbaycan əleyhinə bəndlər həmin sənəddə yer alıb. Azərbaycanı ittiham edirlər ki, guya biz erməniləri Qarabağdan zorla qovmuşuq. Əslində isə heç kəsə sirr deyil ki, bunu faktlar, arqumentlər, video, foto görüntülər, müsahibələr təsdiqləyir ki, ermənilər könüllü şəkildə bu ərazini tərk ediblər. Bəzi ermənilərə reinteqrasiya təklifi də olunub - Azərbaycan qanunlarına tabe olunsun, Azərbaycan vətəndaşlığını qəbul etsinlər və ərazimizdə yaşama hüququ qazansınlar. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir və ermənilər də burada hər bir etnos kimi eyni hüquqlarla yaşaya bilərdilər. Ancaq bunlar könüllü şəkildə ondan imtina ediblər. Bu könüllülük prinsipini Avropa parlamentariləri isə deportasiya kimi, zorla qovulma kimi qiymətləndirirlər ki, bu da onların nə qədər yalan və feyk məlumatlar tirajladıqlarını təsdiqləyir. Azərbaycan xalqına və dövlətinə qarşı hərbi cinayətlər törətmiş soyqırım əməlində ittiham olunan və bu faktlarla, arqumentlərlə təsdiqlənən erməni millətindən olan şəxslər Azərbaycanda mühakimə olunublar. Lakin Avropa parlamentariləri onlara hərbi əsir kimi qiymət verir və onların dərhal azad olunmasını tələb edirlər. Bəs sual yaranır: Ermənistan ərazisindən 250 mindən çox soydaşımız deportasiya olundu, qovuldu. 750 mindən çox bizim məcburi köçkünümüz yarandı, yəni bir milyondan çox məcburi köçkün və qaçqınımızın taleyi ilə bağlı niyə indiyə qədər Avropa Parlamenti bir dəfə səsini çıxarmadı, niyə onların hüquqlarının müdafiəsi ilə bağlı bir mövqe ifadə etmədi? Amma indi hərbi cinayətlərə azadlıq tələb edirlər. Bu, onların əsl xislətini ortaya qoyur və onların nə qədər, deməli, erməni maraqlarına, daha doğrusu erməni lobisi və diaspor maraqlarına xidmət göstərdiyini təsdiqləyir. Təbii ki, bu halda “əl-əli yuyar, əl də üzü” prinsipi ilə işləyir. Onlar bunu elə-belə etmirlər, konkret məbləğ müqabilində Avropa İttifaqının qlobal maraqlarına deyil, öz ciblərinin və mədələrinin gözü ilə proseslərə qiymət verirlər.
- Bu qətnamə Avropa İttifaqı daxilində hansı problem ortaya çıxarır?
- Ermənilər torpaqlarımızı işğal altında saxladıqları dövrdə bütün tarixi və mədəni abidələrimizi alt-üst ediblər, 67 məsciddən 65-ni yerlə-yeksan ediblər, yarıdağılmamış bu məscidlərdə inəklər, donuzlar saxlayıblar, ondan bu məscidlərdən tövlə kimi istifadə ediblər və bu təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün müsəlman dünyasına qarşı təhqiramiz davranışdır. Bunların heç birini Avropa parlamentariləri görmürlər, ancaq yenə də yalan və iftiraya söykənən məlumatlar yayılır və guya ki, biz erməni abidələrini dağıtmışıq. Halbuki Bakı şəhərinin mərkəzində elə erməni kilsəsi var, orada 5000-ə qədər ədəbiyyat var. Bunlar hamısı toxunulmazdır, şəhərin mərkəzindədir və dövlət tərəfindən də qorunur. Bu, bir həqiqətdir. Və nə qədər ölkələrdən diplomatik korpus nümayəndələri, məsul şəxslər işğaldan azad olunmuş ərazilərə baxış keçiriblər və öz gözləri ilə görüblər ki, ermənilər Azərbaycanın tarixi və mədəni dini abidələrini necə məhv ediblər, yer üzündən birdəfəlik siliblər. Bu haqda sənəddə bir kəlmə də yoxdur. Deməli, bu, tam qərəz əsasında baş verib, tam sifariş əsasında və niyyətləri sülh prosesinə maneə olmaqdır. Məqsəd odur ki, Azərbaycan və Ermənistan arasında gedən uğurlu sülh prosesinə əngəl törətsinlər. Keçən ilin avqustun 8-də imzalanmış tarixi Vaşinqton razılaşmaları və xüsusilə də iki dövlətin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin paraflanması və bu prosesdə Birləşmiş Ştatlar Prezidentinin vasitəçi olması, şahid olması və buna öz imzası ilə təsdiqləməsi, bundan savayı, Orta dəhlizin mühüm tərkib hissəsinə çevrilə biləcək bir TRİP layihəsi ilə bağlı əldə edilmiş razılaşmalar görünür ki, dünyadakı erməni lobisi və diaspora möhkəm qəzəbləndirib, onları həyəcanlandırıb, yuxusuna haram qatıb. Ona görə də cürbəcür üsullarla Azərbaycana təzyiq yolunu seçirlər. Bu halda Avropa Parlamentində əlaltıqları diplomatlardan istifadə edirlər, onların imkanlarından bəhrələnirlər. Bu gün təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Avropa parlamentariləri bu təşkilatın nüfuzuna böyük zərər gətirirlər. “Avropa Parlamenti” deyəndə korrupsiya, rüşvət yada düşür. Bu, bir həqiqətdir. Kimlərin buna şübhəsi varsa, 2022-ci ildə baş verən Qətərgeyt hadisəsinə baxsın. 2022-ci ilin dekabr ayında Avropa Parlamentinin 14 vitse-prezidentindən biri korrupsiya ilə ittiham olundu. Bu onu göstərir ki, Avropa Parlamentinin ən yüksək eşelonunda belə korrupsiya halları vüsət alıb. Əgər vitse-prezident səviyyəsində bu baş verirsə, görün aşağı səviyyələrdə nələr yaşanmaqdadır.
Bu yaxınlarda məlum oldu ki, əslən argentinalı, BMT Ədalət Məhkəməsinin prokuroru işləmiş Akampo və onun oğlu Tomas müsahibələr verirlər, video roliklər yayılıb. Məlum olur ki, onlar Avropa Parlamentindəki öz adamları vasitəsilə istənilən qərarın qəbuluna nail ola bilirlər və indi onların əsas niyyətlərindən biri Nikol Paşinyanın devrilməsidir və bunu gizlətmirlər, bunu açıq şəkildə deyirlər və 7 iyun parlament seçkilərində bunu etmək istəyirlər. Qeyd edirlər ki, bu məqsəd üçün onlar əllərindəki bütün vasitələrdən istifadə edirlər. Çünki Avropa Parlamentində onların çox yaxın adamları var və həmin şəxslərin adını da dilə gətirirlər. Məlum olur ki, Avropa Parlamentində onların maraqlarına xidmət edən şəxslər var və həmin şəxslərin, deməli, imkanlarından da maksimum bəhrələnirlər. Və həmin şəxslərdən biri olaraq Cozef Borrell adını çəkirlər. O şəxs ki, 2019–2024-cü illərdə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi olub. Yəni, bir az da anlaşılır desək, bütün Avropa İttifaqının xarici siyasətini o idarə edib. Ona güvəndiklərini, onunla əməkdaşlıq etdiklərini, onun vasitəsilə Avropa Parlamenti və Avropa Komissiyasında qərarların qəbuluna nail olduqlarını dilə gətirirlər və hətta birbaşa Avropa Komissiyası rəhbərliyinə təsir edə bildiklərini söyləyirlər. O, Cozef Borrell ki, vaxtilə söyləmişdi ki, Avropa bir bağdır, digər ölkələr isə cəngəllikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünən bu davranış fonunda söyləmişdi ki, əgər Avropa bağdır və digər ərazilər, digər ölkələr cəngəllikdirsə, onda o, başqa ərazilərin daxili işlərinə qarışmasın. Əgər Cozef Borrell kimi bir şəxs belə görünc ifadələr işlədirsə, onda Avropa Şurası Parlamenti asan bilinsin və Avropa Parlamentindən nə gözləmək olar? Bax, gözlənilənlər bunlardır.
- Qarşılıqlı ittihamlar dialoq imkanlarını zəiflədirmi və mövcud vəziyyət Azərbaycan-Aİ münasibətlərində yeni mərhələnin başlanğıcı hesab oluna bilərmi?
- Azərbaycan Prezidenti cənab İlham Əliyev may ayının 4-də Ermənistan paytaxtında keçirilən Avropa Siyasi Birliyinin toplantısına da video görüntü ilə qoşularkən öz nitqində bu məqama diqqətə cəlb etdi ki, bizim Avropa Komissiyası ilə münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır, 10 Avropa dövləti bizdən qaz alır və sonuncu dəfə biz Almaniya və Avstriyaya qaz vermişik, Çexiya da eyni istəyi ortaya qoyub. Belə olan reallıqda Avropa Parlamentinin bu davranışı, əslində, oturduğu ağacın budağını kəsməkdən başqa bir şey deyil və Akamponun bu fikirləri, Akamponun, deməli, Cozef Borrell ilə əlaqəli məsələləri ilə onu göstərir ki, doğrudan da Avropa Parlamenti ənənəvi olaraq korrupsiya yuvasına çevrilib və bu təşkilatın qəbul etdiyi qərarlar, əslində, qurumun nüfuzuna çox böyük xələl gətirir və nəticə etibarilə bu reallıq Avropa Parlamentinə yaxşı heç nə vəd etmir, onun gələcəyinə, onun inkişafına xidmət etmir. Bu reallıqlar fonunda Azərbaycan Respublikasının Milli Məclisi may ayının 1-də Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinə qarşı etirazını ifadə etdi. Bu etiraz onunla bağlı idi ki, əslində bizim Avropa Parlamenti qarşısında heç bir öhdəliyimiz yox idi. Biz Avropa İttifaqının üzvü deyilik, amma eyni zamanda susqun vəziyyətdə qala bilmərik, çünki Avropa İttifaqında 550 milyon insan yaşayır, Azərbaycanın əleyhinə bu cür ədalətsiz, yalan, feyk xəbərlər, informasiyalar yayıldıqda biz susarıqsa, bu düzgün qəbul edilməz. Beynəlxalq ictimaiyyət və Avropa ictimaiyyəti qarşısında öz haqq səsimizi ucaldırıq və hesab edirik ki, Avropa Parlamentinin bu qərarı təkcə anti-Azərbaycan mahiyyət kəsb etmir, eyni zamanda Avropa İttifaqının özünün region siyasəti əleyhinədir. Çünki bölgədə söz sahibi Azərbaycandır və bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu, hər kəsə bəlli həqiqətdir və son zamanlar Azərbaycan paytaxtında Avropa İttifaqı Şurasının prezidenti mart ayında Antoniu Koştanın səfəri, sonra Latviya prezidentinin səfəri, Ukrayna prezidentinin səfəri, indi Çexiya prezidentinin səfəri oldu, İtaliya baş nazirinin səfəri — yəni səfərlər bir-birinin ardıncadır və Avropa İttifaqı ölkələrinin liderləri Azərbaycana səfər edirlər. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallasın səfəri — bütün bunlar hamısı bir daha onu təsdiqləyir ki, Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində və bütövlükdə Avropa qitəsində, eləcə də dünyada sülhün və təhlükəsizliyin təminatında yeri, rolu, çəkisi kifayət qədər böyükdür. Bunu dövlətlər dərk edirlər, Avropa Komissiyası bunun fərqindədir. Amma nə edəsən ki, Avropa Parlamentində 720 deputat var. Bunların bir qismi erməni lobisi və diasporunun əlində alətə çevrilib, onlardan istifadə edirlər. Və bayaq söylədiyim kimi, Akamponun da məlum fikirləri, oğlunun fikirləri, səsləndirdiyi fikirlər bu qənaəti bir daha təsdiqləyir.
- Bu sənədlə bağlı Azərbaycanın rəsmi mövqeyi nədən ibarətdir və qətnamə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə real təsir göstərə bilərmi?
- Avropa Parlamenti Avropa İttifaqının qanunverici orqanı olsa da, onun qanunvericilik təşəbbüsü hüququ yoxdur. Bu və digər mövzu ilə bağlı Avropa Komissiyasından, yəni Avropa İttifaqı hökumətindən Avropa Parlamentinə qanunlar daxil olur və onlar həmin qanunları təsdiqləyirlər. Avropa İttifaqı üçün Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin və qərarların bizim üçün heç bir hüquqi məsuliyyəti və öhdəliyi yoxdur. Biz Avropa Parlamentinin üzvü deyilik. Və Milli Məclisin məlum qərarında da qeyd olunduğu kimi, Avropa Parlamentinin sayca 5 il ərzində 14-cü dəfə Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisi Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətinə xitam verib. Eyni zamanda Avropa Parlamenti ilə bütün əlaqələri kəsib.
Azərbaycan Parlamenti Avropa İttifaqı ilə bütün əlaqələri kəsib, Azərbaycan Avronest Parlament Assambleyasında təmsilçiliyinə son qoyub və bu təşkilatda fəaliyyətinə xitam verilməsi ilə bağlı prosedur qaydalarına başlayıb. Və bütün bunlara görə də məsuliyyət qarşı tərəfin üzərinə düşür. Azərbaycan bu halda heç bir məsuliyyət daşımır.
- Enerji və nəqliyyat layihələri bu siyasi gərginlik fonunda davam edəcəkmi?
- Avropa İttifaqı yekcins deyil, o, təkcə Avropa Parlamentindən ibarət deyil, o həm də Avropa Komissiyasından ibarətdir və Avropa Komissiyası ilə Azərbaycanın münasibətləri dinamik inkişaf tempinə malikdir. 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində tərəfdaşlıqla bağlı xüsusi memorandum da imzalanıb və bu memorandumdan çıxış edərək Azərbaycan 2027-ci ilə qədər Avropaya 20 milyard kubmetr qazın satışını həyata keçirəcək və Prezident İlham Əliyevin də vurğuladığı kimi, 2026-cı ildə bir neçə qaz yatağının da işə salınması gözlənilir ki, nəticədə 2–3 il ərzində Azərbaycan minimum daha 10 milyard kubmetr qaz istehsal edə biləcək. Hal-hazırda Azərbaycan 25 milyard kubmetr qazı ixrac edir, onun yarısı təxminən Avropa İttifaqı ölkələrinin payına düşür və bu həcmin daha da artırılması gözlənilir və biz bu istiqamətdə Avropa ölkələri ilə birgə fəaliyyət göstəririk.
- Gərginliyin azaldılması üçün region dövlətləri, xüsusilə Ermənistan hansı addımlar ata bilər?
- Hesab edirəm ki, Ermənistan hökuməti də baş verən hadisələr fonunda Avropa Parlamentinə öz etirazını bildirməlidir. Biz güman edirik ki, Ermənistan hakimiyyəti parlament seçkiləri öncəsi Avropa parlamentarilərinin Ermənistanda dövlət çevrilişi etmək, hakimiyyəti devirmək istiqamətində fəaliyyəti ilə bağlı öz prinsipial və qətiyyətli mövqeyini ortaya qoymalıdır. Çünki Akamponun səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir. Bu artıq Ermənistan hakimiyyəti üçün çox ciddi Avropa Parlamenti ilə bağlı qərarlar qəbul etməyə əsas yaradır və Avropa Parlamenti nə qədər ki, region ölkələrinin daxili işlərinə qarışmaq siyasətindən çəkinmir, onunla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Bütün baş vermiş və gələcəkdə baş verə biləcək bu istiqamətdə hadisələr gözlənilir. Baş vermiş və baş verə biləcək hadisələrə görə məsuliyyət Avropa Parlamentinin üzərinə düşəcəkdir.